ATALIQ DİPLOMU
Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Əhali FonduBMT-nin Qadınlar Agentliyi ilə birgə həyata keçirdiyi “Atalar Məktəbi – Məsuliyyətli atalığa doğru” layihəsinin benefisiarı Rəvan Cəbrayılov Atalıq diplomunu alsa da, onun fikrincə, nə atalıq dərsləri bitəndir, nə də imtahanları.
“Mən necə atayam?”
Leylanın fikrincə, onun atası dünyanın ən yaxşı atasıdır. Heç kim onun kimi yumurta bişirə bilmir, heç anası da. Atası onu gəzməyə aparır, alış-veriş edir. Çarpayısı olsa da, Leyla həmişə atasının qucağında, atasının ona oxuduğu nağıllar aləminə dalaraq yatır. Ziyad üçün də atası idealdır, o da böyüyəndə atası kimi hərbçi olmaq istəyir. Aytən də Rəvandan həm həyat yoldaşı, həm də ata kimi çox razıdır. Rəvanın uşaqların təlim və tərbiyəsində dəstəyi olmasa idi, Sabirabaddan Bakıya köçəndə məktəbdə müəllimliyini davam etdirməyə də bilərdi…
Rəvan da yaxşı ata olduğunu düşünürdü. Amma günlərin birində sosial şəbəkədə Atalar Məktəbinin elanına rast gələndə indiyədək ağlına gəlməyən bir sual onu rahat buraxmadı: “Görəsən, mən necə atayam? Yaxşı ata necə olmalıdır?”
Rəvan adəti üzrə Aytənlə məsləhətləşdi, Atalar Məktəbinə yazılmaq istədiyini dedi.
Çox keçmədi ki, ailədə məktəbə gedənlərin sayı 4 oldu. Səhər dərsə tələsən Aytəndən, Leyladan və Ziyaddan fərqli olaraq, Rəvan məktəbə işdən sonra qaçırdı. Elə maşındaca əynini dəyişir, mülki geyim geyinirdi.
Hər sessiyadan gələndən sonra isə öyrəndiklərini Aytənlə bölüşürdü…
Ən böyük dərs
“Atalar Məktəbinə gedəndə bir sual mənə rahatlıq vermirdi. Biz hamımız elə hesab edirik ki, ən yaxşı atayıq. Hərdən bizə elə gəlir ki, övladlarımızın maddi ehtiyaclarını ödəyiriksə, bu, yaxşı ata olmağın ən önəmli göstəricidir. Amma belə deyilmiş. Bizim övladlarımıza verə biləcəyimiz ən qiymətli hədiyyə vaxtımız, enerjimizdir. Mən həmişə övladlarıma vaxt ayırmağa çalışmışam, amma Atalar Məktəbindən sonra onlarla daha çox zaman keçirir, onlara qulluq və qayğı məsələlərində ən azı həyat yoldaşım qədər iştirak etməyə çalışıram.
Atalar Məktəbinin ən maraqlı cəhəti müxtəlif mövzularda aparılan müzakirələrdir. Fərqli düşüncələrə qulaq asdıqca anlayırsan ki, sənin fikirləşdiklərinin hamısı doğru olmaya bilər. Məsələn, mən Atalar Məktəbinə gedənə kimi qız uşaqlarının sənət seçimləri barədə stereotip bir düşüncəyə sahib idim. Elə fikirləşirdim ki, mənim qızım ya həkim, ya müəllim olmalıdır. Mənə elə gəlirdi ki, sənət seçimində onu öz düşündüyüm kimi istiqamətləndirsəm, o daha çox xoşbəxt olar. İndi fərqli fikirdəyəm. Leylanın gələcəkdə sənət seçiminə mane olmaq istəmirəm. Bəlkə, Leyla mənim qadın sənəti kimi qiymətləndirmədiyim bir sahədə uğur qazana, insanlıq üçün çox faydalı bir iş görə bilər…
Atalar Məktəbində şahidi olduğum bir hadisə məni çox sarsıtdı, həyata baxışlarımı dəyişdi. Bizimlə birlikdə məktəbə bir ailə gəlirdi – ata, ana və uşaq. Bu ailənin övladı ağır xəstə idi. Buna baxmayaraq, onlar çox xoşbəxt yaşayır, birlikdə keçirdikləri hər bir anın qiymətini dəyərləndirir, bir-birlərinə dəstək ola bilirdilər. Mən hər dəfə sessiyadan sonra evə gələndə Aytənlə həmin ailə haqqında söhbət edirdim. Biz bir daha anladıq ki, ailə bizim ən böyük sərvətimizidir, onun qayğısına qalmağı, onu qorumağı bacarmalıyıq. Bunun üçünsə hər gün öz üzərində işləməlisən.
Nə dərs bitər, nə imtahan, nə də arzular…
Mən Atalar Məktəbinin, obrazlı desəm, “diplomunu” aldım. Bu diplom yalnız mənim üçün deyil, Aytən üçün də çox qiymətlidir. Atalar Məktəbi ilə bağlı nə varsa, hamısını Aytən göz bəbəyi kimi qoruyur – mənə verilən çantanı, fincanı, hətta bizim məktəbin sessiya cədvəlini.
Atalar Məktəbini artıq bir dəfə bitirsəm də, bu il yenidən həmin məktəbə yazıldım. Gizlətmirəm, buradakı mühit, tanış olduğum insanlar mənim üçün çox qiymətli və əzizdir. Məktəbdə məni narahat edən suallara cavab tapa bilirəm. Öyrəndiklərimi Aytənlə bölüşürəm…
Biz Aytənlə rayonda böyümüşük. Sevib ailə qurmuşuq. Bakıda yaşasaq da, hər həftə sonu Sabirabada gedirik. Aytənin anası, bacıları orada yaşayır. Kəndi hamımız sevirik – uşaqlara balıq tutmağı burada öyrətmişəm…
Amma fikirləşirəm ki, bütün gözəlliklərinə rəğmən, rayonda da çatışmayan məsələlər var. Xüsusən də insanlar ailə-məişət münasibətləri, ev işləri və uşağa qulluq öhdəliklərinin kişilər və qadınlar arasında qeyri-bərabər paylaşılması ilə bağlı problemlər yaşayırlar, çox zaman stereotip düşüncələrin əsirinə çevrilirlər. Bu problemlərinin həllində onlara yardımçı olacaq fərqli düşüncə tərzini, münasibət və davranışları dəstəkləyəcək bir mühitə ehtiyacları var. Biz Aytənlə çox istərdik ki, Atalar Məktəbi təkcə regional mərkəzlərdə deyil, rayonlarda da fəaliyyət göstərsin. Elə Sabirabadın özündə. Ümidvaram ki, bir gün Sabirabadda da Atalar Məktəbinin açılışının şahidi olacağıq.”