“Jurnalistlər və blogerlər üçün Sosial Sahibkarlıq” təlimi
3-4 sentyabr 2022-ci il tarixində Education HUB “Jurnalistlər və blogerlər üçün Sosial Sahibkarlıq” təlimi həyata keçirib.
Təlim Avropa Vençur Filantropist Assosiasiyasının “Dəyər üçün əməkdaşlıq” proqramı çərçivəsində reallaşıb. Proqram Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilir və Azərbaycanda rəsmi tərəfdaş Education HUB-dır.
Təlim çərçivəsində media sahəsində tanınmış jurnalist və blogerlər Sosial Sahibkarlıqla bağlı yeni biliklər əldə ediblər. İştirakçılar Sosial Sahibkarlığın tarixi, sosial biznes modelləri, innovativ və dizayn əsaslı yanaşma haqqında öyrəniblər.
Təlim zamanı iştirakçılar marketinq, idarəetmə, hekayə söyləmə, sosial biznesin brendləşməsi habelə, Azərbaycanda Sosial Sahibkarlıq qanunvericilik bazasının hazırlanması istiqaməti ilə tanış olublar.
İştirakçılar 2 günlük təlim zamanı öyrəndikləri nəzəri və praktiki bilikləri sonda post-test vasitəsilə yoxlayıblar. Daha sonra iştirakçılara sertifikatlar və layihənin promo məhsulları təqdim edilib.
Media nümayəndələrinin Sosial Sahibkarlığın daha fəal təşviq olunmasına dəstək üçün “Jurnalistlərin əlaqələndirmə qrupu” yaradılıb. Qrup nümayəndlərinin iştirakı ilə payızın sonunda sosial sahibkarlıq müəssisələrinə tanışlıq səfərləri planlaşdırılıb.
“Dəyər üçün əməkdaşlıq” layihəsi Avropada vençur xeyriyyəçilik və sosial investisiya sahəsində aparıcı təşkilat olan Avropa Vençur Filantropist Assosiasiyasının rəhbərlik etdiyi, Aİ tərəfindən maliyyələşdirilən Sosial Sahibkarlıq layihəsidir. “Dəyər üçün əməkdaşlıq” layihəsinin məqsədi sosial sahibkarlığı və ekosistemi daha da genişləndirmək üçün təşviq etməkdir. Layihə Şərq Tərəfdaşlığı regionunu əhatə edən regional komponentə və Azərbaycan üçün spesifik komponentə malikdir.