“Azərbaycanda təhsilin doktorantura səviyyəsində keyfiyyət təminatı və elmi müəssisələrin akkreditasiya prosesinin gücləndirilməsi“ layihəsi çərçivəsində onlayn məlumatlandırma tədbiri keçirilmişdir
8 aprel 2022-ci il tarixlərində Avropa İttifaqının maliyyələşdirdiyi Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının əsas benefisiar olduğu “Azərbaycanda təhsilin doktorantura səviyyəsində keyfiyyət təminatı və elmi müəssisələrin akkreditasiya prosesinin gücləndirilməsi“ layihəsi çərçivəsində elmi müəssisə və təşkilatların akkreditasiyası ilə əlaqəli görülmüş işlərin təqdimatı üçün onlayn seminar keçirilmişdir. Layihə “IBF International Consulting“ şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.
Layihənin məqsədi Avropanın qabaqcıl təcrübəsinə uyğun olaraq təhsilin doktorantura səviyyəsində daxili və xarici keyfiyyət təminatı prosesinin qurulması və elmi müəssisələrin akkreditasiyası üzrə yeni mexanizmlərin tətbiqini təşkil etməkdir. Bu məqsəd çərçivəsində keyfiyyət təminatı və akkreditasiya ilə bağlı qaydaların hazırlanması, kadrların bacarıqlarının artırılması və akkreditasiya prosesinin rəqəmsallaşdırılması nəzərdə tutulur.
Keçirilmiş tədbirə Ali Attestasiya Komissiyasının sədri cənab Famil Mustafayev rəhbərlik etmiş və 100-ə yaxın elmi müəssisə və təşkilatların rəhbərləri iştirak etmişdir. Onlayn tədbirdə akkreditasiya sahəsində çağırışlar və layihə çərçivəsində görülmüş işlər barəsində ətraflı məlumat verən cənab Mustafayevdən sonra layihənin eksperti cənab Achim Hopbach hazırlanmış akkreditasiya qaydalarını təqdim etmişdir. Tədbirin sonunda isə elmi müəssisələrin akkreditasiya prosesini asanlaşdırmaq üçün layihə çərçivəsində hazırlanmış onlayn platforma təqdim olunmuşdur. Görüş sonra sual-cavab formatında davam etdirilmiş və tədbir zamanı elmi müəssisə və təşkilatların rəhbərləri AAK tərəfindən elmin inkişafı o cümlədən akkreditasiya istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndirmişlər.