Avropa İttifaqı və BMTİP Azərbaycanda sosial sahibkarlıq üzrə siyasətlərin müzakirəsinə start verir
Avropa İttifaqı (Aİ) və BMT-nin İnkişaf Proqramı Azərbaycanda sosial sahibkarlığın inkişafına dəstək məqsədilə sahə üzrə siyasətlərin müzakirələrinə başlayır.
Bu istiqamətdə, Aİ-nin maliyyələşdirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində “Sosial sahibkarlıq siyasətləri – qlobal mənzərə” vebinarı təşkil olunub. Vebinarın məqsədi ölkədə sosial sahibkarlıq ekosisteminin inkişafı üçün siyasət dialoquna başlamaqdır. Sözügedən vebinar sahə üzrə siyasi çərçivənin müxtəlif aspektlərini, sosial sahibkarlıq üzrə anlayışlar, sosial müəssisələr üçün biznes modellər və çətinliklər, o cümlədən siyasətlərin inkişafı istiqamətində ən yaxşı təcrübələrin müzakirəsini əhatə edib.
Tədbir sosial sahibkarlar, rəsmi şəxslər, bir sıra dövlət qurumlarının nümayəndələri, vətəndaş cəmiyyəti təşkilatları, biznesə dəstək qurumları, beynəlxalq və yerli ekspertlər, həmçinin sahə üzrə digər mütəxəssislər olmaqla 100-dən çox şəxsi bir araya gətirib.
“Vətəndaş cəmiyyəti təşkilatları, sosial sahibkarlıq vasitəsilə dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında əsas tərəflərə çevrilə bilərlər. Bunun üçün sosial sahibkarların inkişafına şərait yaradan qanuni çərçivəyə ehtiyac var. Həmçinin, sosial sahibkarların doğru seçimlər edə bilməsi üçün onların potensiallarının artırılması və dəstəklənməsi lazımdır. Bu layihə, sözügedən iki məsələnin həllinə də yönələcək”, deyə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin Əməkdaşlıq şöbəsinin rəhbəri Viktor Boykov tədbirdə bildirib.
“Sahibkarlıq – dayanıqlı inkişaf üçün vacib təşviqedici amil ola bilər. Xüsusilə, sosial sahibkarlar bazar imkanlarını araşdırmağa və iqtisadi, sosial və ətraf mühitlə bağlı çətinliklərə yenilikçi və dayanıqlı həll yolları yaratmağa yönəlirlər. Bu səbəbdən, biz inanırıq ki, sosial sahibkarlar 2030-cu il Gündəliyi, eləcə də Azərbaycanda dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında töhfə verməkdə mühüm rola sahibdirlər”, BMTİP-nin Azərbaycandakı Rezident nümayəndəsinin müavini Çaru Bist vurğulayıb.
Vebinar zamanı sosial sahibkarlıq siyasətləri üzrə ekspertlər öz təcrübələrini, habelə müxtəlif ölkələrdəki ekosistemlərə dair oxşar və fərqli cəhətləri paylaşıblar. İştirakçılar yerli sosial sahibkarlıq hekayəsi barədə də ətraflı öyrəniblər.
İlkin tədbirin davamı olaraq, layihə müəyyən mövzular üzrə daha interaktiv seminarların keçirilməsini nəzərdə tutur. Burada iştirakçılar sosial sahibkarlıq sahəsi üzrə siyasət sənədlərinin hazırlanması prosesinə birbaşa töhfə verə biləcəklər.
Qeyd edilməlidir ki, Aİ-nin maliyyələşdirdiyi bu layihə, BMTİP tərəfindən həyata keçirilir. Layihə – siyasətlərin formalaşdırılması, yerli inkişafa dəstək və sosial innovasiyanın təşviqi sahələrində
VCT-lərin iştirakının artırılması məqsədilə təşkilatların potensialının gücləndirilməsini hədəfləyir.