Avropa İttifaqı və BMTİP ictimai siyasətlərin təhlili və araşdırılması istiqamətində vətəndaş cəmiyyəti təşkilatlarının bacarıqlarını artırır
Avropa İttifaqı (Aİ) və BMT-nin İnkişaf Proqramı vətəndaş cəmiyyəti təşkilatlarının (VCT) yerli siyasətlərin hazırlanması prosesində iştirakını artırmaq məqsədilə onların potensialının gücləndirilməsi fəaliyyətlərinə davam edir.
Aİ tərəfindən maliyyələşdirilən “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində ictimai siyasətlər və təhlili üzrə Bakıda dördgünlük təlim proqramı həyata keçirilib. Proqramda 14 müxtəlif rayondan 40 vətəndaş cəmiyyəti təşkilatı və fəal qruplar iştirak edib. Sessiyalar, ictimai siyasət və araşdırma üzrə ixtisaslaşmış milli ekspert tərəfindən aparılıb.
Proqramda iştirakçılar, siyasətlərin hazırlanması prosesinin mərhələləri daxil olmaqla ictimai siyasətin bir sıra baza konseptləri barədə ətraflı öyrəniblər. Sessiyalar zamanı iştirakçılar data toplanılması üzrə müxtəlif metodlar və datanın təhlili istiqamətində biliklərini artırıb, həmçinin siyasət xülasələrinin yazılması və tövsiyələrinin formalaşdırılması üzrə praktiki bacarıqlara yiyələniblər.
“Lazımlı məzmun, çoxlu sual vermək imkanı və maraqlı bir təlimçi ilə çox praktiki kurs idi. Bütün bu sadalananların sayəsində həm effektiv, həm də zövq aldığımız bir təlim proqramı oldu”, deyə “Gənclərin Təşəbbüs Qrupu” İctimai Birliyinin iştirakçısı qeyd edib.
Təlim proqramının tərkib hissəsi olaraq iştirakçılar fərdi mentorluq dəstəyi də əldə ediblər.
Qeyd edilməlidir ki, Avropa İttifaqının maliyyələşdirdiyi bu layihə, BMTİP tərəfindən həyata keçirilir. Layihə – siyasətlərin formalaşdırılması, yerli inkişafa dəstək və sosial innovasiyanın təşviqi sahələrində VCT-lərin iştirakının artırılması məqsədilə təşkilatların potensialının gücləndirilməsini hədəfləyir.