Aİ-nin dəstəyi ilə Azərbaycanın tekstil sektoru üçün təlimlər təşkil olunub
- İqtisadi inkişaf və bazar imkanları
- Məşğulluq və sahibkarlıq
- Mobillik və insanlararası əlaqə
- Təhsil və peşə təlimi
Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin yaradılmasına dəstək” layihəsi çərçivəsində tekstil sahəsində tədris aparan müəllimlər, təlimçilər və bu sahədə çalışan mütəxəssislər üçün Azərbaycanın ən perspektivli sektoru hesab edilən tekstil sektoruna dair on günlük təlimlər təşkil edilib.
Təlimlər, dizayner və geyim istehsalı üzrə mütəxəssis tərəfindən Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin yeni tikiş emalatxanasında keçirilib. Proqram tekstil sektorunda mövcud tendensiyalar və sahənin tələbləri, bazaryönümlü məhsulların istehsalı, eləcə də müasir avadanlıqlar və elektron simulyasiya proqramlarının istifadəsi ilə bağlı sessiyaları əhatə edib.
Proqramda iştirak edən istehsal təlimi ustaları yeni qazandıqları bilikləri peşə təhsil mərkəzinin tələbələri və digər müəllimlərlə bölüşəcəklər.
Sözügedən təlim proqramı BMT-nin İnkişaf Proqramı (UNDP), Peşə Təhsili üzrə Dövlət Agentliyi və Aİ-nin dəstəyi ilə həyata keçirilən “Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin yaradılmasına dəstək” layihəsi çərçivəsində baş tutub. Sözügedən layihə Azərbaycanın peşə təhsili sistemini gücləndirmək və müasirləşdirmək məqsədi daşıyır. Qeyd edək ki, layihə artıq Gəncədəki peşə təhsil mərkəzinin tekstil emalatxanasını müvafiq avadanlıqlarla təmin edib.