Skip to main content
Photo: European Union

Azərbaycanda məişət zorakılığı qurbanlarına dəstək ilə bağlı yeni layihənin icrasına başlanılıb

02/04/2021

  • Kəsişən sahələr
  • Vətəndaş cəmiyyəti
  • Gender məsələləri
  • İnstitutlar və yaxşı idarəçiliyin gücləndirilməsi
  • İdarəçilik, qanunun aliliyi və insan hüquqları

Martın 29-da Avropa İttifaqının maliyyə dəstəyi ilə Azərbaycanda məişət zorakılığı qurbanlarına dəstəyin və onların təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı dövlət qurumlarının dəstəklənməsi sahəsində daha bir layihənin icrasına başlanılıb. 

Layihə çərçivəsində Litva və Avstriyadan olan ekspertlər qrupu Azərbaycanda çalışacaq. Onlar qabaqcıl Avropa təcrübəsinə uyğun olaraq qanunvericiliyin, istiqamətləndirmə mexanizmlərinin və məişət zorakılığından zərərçəkmiş şəxslərə göstərilən xidmətlərin təkmilləşdirilməsi istiqamətində iş aparacaqlar.

Layihədə gender əsaslı zorakılıq və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qruplarının hüquqi statusunun gücləndirilməsi, məişət zorakılığının kriminallaşdırılması ilə bağlı hüquqi mühitin formalaşdırılması, məişət zorakılığı qurbanları üçün hüquqi və psixoloji yardım mexanizminin yaradılması və məişət zorakılığı törədən şəxslər üçün reabilitasiya proqramının yaradılması nəzərdə tutulub. Bundan başqa, polis işçiləri, hakimlər və sosial işçilər üçün məişət zorakılığı indikatorları, risklərin qiymətləndirilməsi meyarları və digər mövzularda təlimlərin təşkili planlaşdırılır. 

Layihə çərçivəsində məişət zorakılığı sahəsində məlumatlılığın artırılması və bu sahədə həyata keçirilən profilaktik tədbirlərə töhfə verilməsi məqsədilə maarifləndirmə kampaniyasının işlənib hazırlanması üçün jurnalistlərin və nüfuzlu sosial media fəallarının cəlb edilməsi də nəzərdə tutulub.

2010-cu ildə Azərbaycan tərəfindən “Məişət zorakılığının qarşısının alınması” haqqında Qanunun qəbul edilməsindən etibarən Avropa İttifaqı müasir beynəlxalq standartlara və təcrübəyə uyğunluğun təmin edilməsi və məişət zorakılığının qarşısının alınması ilə bağlı görülən tədbirlərin səmərəliliyinin artırılması istiqamətində bu ölkəni dəstəkləməkdədir.

 

Daha çox öyrən

Mətbuat üçün açıqlama

Gender əsaslı zorakılıq ilə mübarizə: Avropa İttifaqı Azərbaycanda İstanbul Konvensiyası ilə bağlı məlumatlılığı artıracaq

Avropa Şurasının qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və onlarla mübarizə haqqında Konvensiyası (İstanbul Konvensiyası)