Azərbaycanda COVID-19 pandemiyasının ikinci ili: “Feyklər” real problemlərə qarşı
- Kəsişən sahələr
- Media azadlığı və müstəqilliyi
Hər il mayın 3-ü Dünya Mətbuat Azadlığı Günü kimi qeyd olunur. Dünya Mətbuat Azadlığı Günü Azərbaycanda da fəal dəstəklənir. Bu il Mətbuat Azadlığı Günü “Məlumat cəmiyyətə bir fayda olaraq” şüarı altında qeyd olunur.
Dünya Mətbuat Azadlığı Günü demokratik cəmiyyətdə mətbuat və ifadə azadlığının əsas hüquqlar, eləcə də düzgün məlumatları maneəsiz əldə etmək imkanlarının inkişafın təməl daşı olmasını xatırladır.
2020-ci il və 2021-ci ilin birinci yarısında koronavirus pandemiyası gündəmin əsas məsələsi olaraq qalır. Elə Dünya Mətbuat Azadlığı Günündə Azərbaycanın tanınmış jurnalistləri ASAN Radioda olduqca mühüm məsələləri müzakirə ediblər. Müzakirə olunan məsələlərdən biri də insanların məlumat axınından necə baş çıxarmaları, həqiqətləri fərziyyələrdən necə ayırmaları, qərarları hansı məlumatlar əsasında qəbul etmələri ilə bağlıdır. Bundan başqa, COVID-19 pandemiyası dönəmində jurnalistikada “feyklərin” əhaliyə təsirinin azaldılması da müzakirə olunur.
ASAN Radionun qonaqları Azərbaycanın tanınmış jurnalisti və media eksperti Seymur Kazımov və ADA Universitetinin media və kommunikasiyalar müəllimi, sabiq jurnalist Şəfəq Mehrəliyevadır. Verilişin aparıcısı radio jurnalisti Emin Musavidir.
Koronavirus mövzusu ətrafında ən absurd “feyklər”
Şəfəq Mehrəliyeva düşünür ki, tez-tez rast gəlinən “feyk”lərin içində ən absurd və zərərlisi, COVID-19-un guya adi sezon qripindən fərqlənməməsi və ya bu fərziyyənin tam əksi, olduqca radikal olan fikirdir ki, guya koronavirusa yoluxan insanın sağalmaq şansları yox dərəcəsindədir.
Şəfəq Mehrəliyeva deyir: “Bilmək lazımdır ki, hər kəsin orqanizmi fərqli olaraq, eyni xəstəliyi də fərqli keçirə bilər. Buna görə də mən məsləhət görərdim ki, koronavirus haqqında istənilən məlumatlarla, xəstəliyin gedişatı və başqa aspektləri ilə maraqlanan hər kəs, həkim və tibb mütəxəssislərin rəyinə əsaslansın”.
Seymur Kazımov isə diqqəti məsələnin başqa tərəfinə çəkərək, qeyd edir ki, dünyada müəyyən dərəcədə geniş yayılan “sui-qəsd nəzəriyyəsi” – guya Amerika milliarderi və xeyriyyəçisi Bill Geytsin koronavirusa qarşı vaksinlərlə bütün Yer kürəsini çipləşdirməyə can atması olduqca absurddur.
“Onu da deməliyəm ki, Azərbaycan cəmiyyətində bu fikir o qədər də dəstəklənmir, insanların çoxu, məlumata düzgün yanaşaraq, onu bir zarafat kimi qəbul edir” – deyə Seymur Kazımov vurğulayır.
“Peyvənd vurduran adam daha COVID-19-a yoluxmayacaq” kimi yayılan məlumatlar, “Peyvəndin heç bir faydası yoxdur” fərziyyəsi qədər yanlış və ziyanvericidir. Seymur Kazımov, belə məlumatların yayılmasının başlıca səbəbini əhalinin maarifləndirilməsinin zəif olmasında görür.
Əslində, vaksin, insanın bu xəstəliyə heç vaxt yoluxmamasına zəmanət verə bilməz, lakin yoluxan halda xəstəliyin daha yüngül keçirmək şanslarını artırır.
Məlumatın “feyk” olmasını necə biməli?
Studiyanın hər iki qonağı, əldə edilən istənilən məlumata sağlam düşüncə və bir qədər şübhə ilə yanaşaraq, onu yenidən yoxlamağın lazım olduğunu vurğulayır. Bu tövsiyyə həm məlumatı əldə edən auditoriya, həm də informasiyanı yayımlayan peşəkar jurnalıstlər üçün olduqca aktualdır.
“İlk növbədə, məlumatın mənbəsinə diqqət yetirmək lazımdır, – Seymur Kazımov belə hesab edir. Söhbət hansısa yeni və ya tanımadığınız resursdan gedirsə, yaxşı olar ki, onun yaranma tarixinə, abunəçilərin sayına, onların içində tanınmış və ya inandığınız şəxslərin olub-olmamasına fikir verəsiniz. Həmin internet səhifənin və ya saytın tarixçəsinə, əvvəlki yazılarına da nəzər yetirməyiniz düzgün olar. Belə hallara da rast gəlmək olar ki, əvvəllər məşhurlar haqqında əyləncə xəbərlərini yayımlayan bir resurs birdən-birə səhifəsində ciddi məlumatlar yerləşdirməyə başlayır. Belə olduqda, məlumatın etibarlılığı mütləq şübhə yaratmalıdır”.
“Ən düzgünü rəsmi məlumatlara əsaslanmaqdır”, – Seymur Kazımov belə hesab edir. Bununla belə, o, bəzən müxtəlif tanınan və etibarlı mənbələr arasında da müəyyən çaşqınlığın yarana biləcəyini istisna etmir, necə ki, bu yaxınlarda Bakıda uşaq bağçaları məsələsində belə hala rast gəlinmişdi. Rəsmi mənbələrin birinə görə, həmin gün uşaq bağçaları açıq idi, digərinə görə isə, bağçalar, karantin məhdudiyyətləri ilə əlaqədar olaraq, bağlı idi. Əlbəttə ki, bu, valideynlər arasında anlaşılmamazlıq yaratmışdır, lakin, çox keçmədən məsələyə aydınlıq gətirildi.
Şəfəq Mehrəliyevanın müşahidələrinə görə, öz ölkələri və dünya xəbərlərini daim izləyən insanlar, düzgün məlumatı “feyklərdən” daha asan ayıra bilirlər. O, həmçinin belə bir fakta diqqət yetirdi ki, həqiqətə uyğun olmayan məlumatlar daha çox sosial şəbəkələr vasitəsilə yayılır, çünki buna görə heç kəs məsuliyyət daşımır. Ənənəvi KİV-lərə isə saxta məlumat yerləşdirildiyi təqdirdə siz həmin nəşrdə təkzibin dərc edilməsini tələb edə və hətta məhkəməyə şikayət edə bilərsiniz.
“Tələbələrimə öyrətdiyim “qızıl qayda” budur: ilkin məlumat mənbəyinə mümkün qədər yaxın olmalısınız. Bu qayda informasiyanın adi istifadiçiləri üçün də faydalı ola bilər”.
Jurnalistlər COVID-19 ətrafındakı “feyklərlə” necə mübarizə aparmalı?
Seymur Kazımov hesab edir ki, tanınmış və insanların etibar etdiyi jurnalistlər çox ciddi bir resursa malikdirlər. Bu resurs nəinki onların auditoriyaya təqdim etdiyi materiallarda, həm də şəxsi nümünələrdə özünü birüzə verir.
“Məsələn, cəmiyyət içində nüfuzu olan şəxslər, COVID-19 əleyhinə peyvənd olunarkən, bu mesajın auditoriyalarına çatdırılması böyük əhəmiyyət kəsb edir. İnsanlara vaksinasiyanın təhlükəsiz olduğunu öz timsalınızda göstərmək “feyklərlə” ən etibarlı mübarizə vasitəsidir”, – Seymur Kazımov qeyd edir.
“Əlbəttə, hamıdan eyni yanaşma və eyni fikir tələb etmək mümkün deyil. Cəmiyyət içində müxtəlif fikirlər dolaşır və bu normaldır. Lakin məlumatlandırmaq, başa salmaq, şəxsi nümünə göstərmək – bütün bunlar, vəzifəmiz olaraq qalır”, deyə, o, davam edir.
Şəfəq Mehrəliyeva müəllim olaraq, “feyklərlə” mübarizə yolunu tələbələrində tənqidi düşüncə və sağlam şübhə yaradılmasında görür.
“Deyirlər, Yer üzündə bir uşağın tənqidi düşüncəsi formalaşdıqda, dünyanın başqa bir yerində hansısa konspiroloji nəzəriyyə yox olur”, – Şəfəq Mehrəliyeva qeyd edir.
Yekun olaraq, Şəfəq Mehrəliyeva, qədim Yunan filosofu Aristotelin 2-min yaşa malik olan məlumatın etibarlılıq formulunu nümunə gətirir:
“«Ritorika» əsərində Aristotel, üç əsas elementin mütləqliyini vurğulayırdı: «Etos» – etibarlılıq/xasiyyət, «Pafos» – emosiyalar/əhval, “Loqos” – faktlar/məntiq. Əgər əldə etdiyiniz məlumatda bu elementlərdən heç biri yoxdur, yaxud “Pafos” çoxdursa və “Loqos” azdırsa, lütfən bu məlumatın etimadlılığını bir də yoxlamağ məsləhətdir”.
Həmçinin oxuyun: Baki Mehi
Müsahibənin tamını podkastda dinləyə bilərsiniz:
Müəllif: Yelena Ostapenko
Məqalə dərc edildi: 1news.az
var nid=41735;