Azərbaycanda rəqəmsal gələcək üçün rəqəmsal bacarıqlar inkişaf etdirilməlidir
- Kəsişən sahələr
- Vətəndaş cəmiyyəti
- Gender məsələləri
- İqtisadi inkişaf və bazar imkanları
- İqtisadiyyat və ticarət
- Məşğulluq və sahibkarlıq
- Mobillik və insanlararası əlaqə
- Gənclər
- Təhsil və peşə təlimi
- Tədqiqat və innovasiya
“İKT-də qadınlar kişilərə nisbətən azdırlar, uğurlu deyillər” və s. bu kimi fikirlər mövcuddur, mən bu fikirlərlə razı deyiləm”. Bu sözləri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında İKT Tətbiqi və Tədrisi Mərkəzi (İKT LAB) tərəfindən həyata keçirilən layihələr sayəsində rəqəmsal bacarıqlara yiyələnən və həmin mərkəzdə çalışan Günel İsmayılova deyir.
O, bu layihələrin daha çox, xüsusilə də xanımlara yönəlmiş olmasının tərəfdarıdır. “Mənimlə birgə bir çox xanımın bu sahəyə böyük marağı var. Yaxşı olardı ki, proqramlar başlanğıc forma ilə yanaşı, daha dərin, əhatəli və texniki biliklərə yiyələnməyə imkan versin”.
Günümüzdə rəqəmsal bacarıqlara yiyələnmək tək qadınlar üçün deyil, cəmiyyətin bütün üzvləri üçün vacib əhəmiyyət daşıyır. Hazırda bütün dünyada müxtəlif fəaliyyət sahələrində rəqəmsallaşmaya doğru tendensiya mövcuddur. İnsanlar yeni rəqəmsal dövrün tələblərinə hazır olmalıdırlar. Bununla belə, sözügedən texnologiyaların genişləndirilməsini dəstəkləmək və insanların əmək bazarının tələblərini ödəmək üçün rəqəmsal bacarıqlara sahib olmasını təmin etmək məqsədilə texniki, hüquqi və təşkilati bazalara ehtiyac duyulur.
Avropa İttifaqı içərisində Azərbaycanın da olduğu altı Şərq Tərəfdaşlığı ölkəsində rəqəmsal bacarıqlara dair strategiyaların icrasını dəstəkləyir. Bununla da, Aİ, EU4Digital proqramı vasitəsilə Şərq Tərəfdaşlığı ölkələrində rəqəmsal bacarıqlara yiyələnən kadrların sayının artmasını dəstəkləyir və gələcəkdə ŞT ölkələri ilə rəqəmsallaşma səviyyəsinin uyğunlaşdırılması və sərhədlərin hiss olunmadığı əlaqələrin qurulması ilə Aİ-nin Vahid Rəqəmsal Bazarının faydalarını Şərq Tərəfdaşlığı ölkələrinə qədər genişləndirməyi nəzərdə tutur.
Tamamilə rəqəmsal bir dünya düşünün
Yaxın gələcəkdə EU4Digital proqramı Aİ-yə üzv ölkələr və Şərq Tərəfdaşlığı ölkələri arasında vahid biznes əlaqələrinin, elektron ticarət və kommersiyanın, rəqəmsal maliyyə strukturlarının, nəqliyyat dəhlizinin, məlumatlar bazasının və şəbəkələrin qurulmasını planlaşdırır. Bu, o deməkdir ki, rəqəmsal texnologiyalar həyatımızdakı bütün sahələri – təhsil, səhiyyə, maliyyə, biznes münasibətləri və ticarət sektorunu əhatə edəcək. Bu texnologiyalara yiyələnmək artıq seçimdən çox, tələbə çevrilib.
Avropa İttifaqı EU4Digital proqramı vasitəsilə Azərbaycanda rəqəmsal bacarıqlar sahəsində bir sıra fəaliyyətlər həyata keçirir. Buraya rəqəmsal bacarıqlara dair strategiyaların həyata keçirilməsi və rəqəmsal iş yerləri üçün milli koalisiyaların və KOB-lar üçün səriştəlilik çərçivəsinin yaradılması daxildir.
“Aİ inanır ki, cəmiyyətin bütün üzvlərinin (vətəndaşlar, müəssisələr) rəqəmsal səriştəsi Şərq Tərəfdaşlığı ölkələrinin iqtisadi inkişafı, sosial inkluzivliyi və demokratik cəmiyyəti üçün ilkin bir şərtdir”. Bunu Latviya İnformasiya və Kommunikasiya Texnologiyaları Birliyinin vitse-prezidenti, Rəqəmsal Cəmiyyət və Rəqəmsal Bacarıqlar layihəsinin koordinatoru və kampaniyanın baş meneceri Mara Ceykobson bildirir.
“Dünyada İKT sektorunda rəqəmsal istedadlara çox böyük ehtiyac var. İşəgötürənlərin ehtiyac duyduğu rəqəmsal bacarıqlar və tələb olunan texniki biliklərə sahib namizədlərin sayı arasında böyüyən bir uçurum var”.
Bu ehtiyacı ödəmək və rəqəmsal bacarıqlar sahəsindəki boşluqları aradan qaldırmaq üçün EU4Digital rəqəmsal bacarıqlar sahəsində fəaliyyət göstəricilərinin ölçülməsinə dair vahid metodologiya işləyib hazırlamışdır. “Rəqəmsal bacarıq göstəricilərinin ölçülməsi üçün vahid EU4Digital metodologiyası ölkələrə öz rəqəmsal bacarıqlarının inkişaf səviyyələrini və digər ölkələrlə müqayisədə boşluqlarını daha yaxşı anlamaqda kömək edəcək. Bu, dövlət müdaxiləsinin daha çox harada lazım olduğunu başa düşməyə imkan verəcək. KOB-lar üçün EU4Digital rəqəmsal səriştəlilik şəbəkəsi KOB-ların rəqəmsal bacarıqlarının qiymətləndirilməsi, təlim və sertifikatlaşdırma vasitələrinin inkişafı üçün yaxşı bir imkan təmin edəcək. Bu, Azərbaycan üçün də vacibdir, çünki KOB ölkə iqtisadiyyatın ən böyük hissəsini təşkil edir”, – deyə Ceykobson qeyd edir.
O, hesab edir ki, bu yaxınlarda Aİ-nin dəstəyi ilə Azərbaycanda Bacarıq və İş üzrə Milli Koalisiyaların yaradılması “müxtəlif maraqlı tərəflərə rəqəmsal bacarıqların inkişafı ilə bağlı fəaliyyətləri əlaqələndirməyə və beləliklə daha böyük təsir yaratmağa kömək edəcək”.
Azərbaycanda rəqəmsal bacarıqların inkişafı
COVID-19 böhranı rəqəmsal bacarıqların vacibliyini açıq şəkildə nümayiş etdirdi. Aİ-nin sorğusuna görə (2020) hər 5 gəncin 1-dən çoxunda hətta elementar rəqəmsal bacarıq yoxdur. Aİ-dəki müəllimlərin yalnız 39 faizi gündəlik işlərində rəqəmsal texnologiyalardan istifadə etməyə hazır olduqlarını hiss edir. Respondentlərin 62 faizi böhran dövründə rəqəmsal bacarıqlarını inkişaf etdirdiklərini hiss edib, çünki onlayn işləmək, öyrənmək və yaşamaq məcburiyyətində qalıblar.
Azərbaycanda da oxşar mənzərə müşahidə olunur. “Statistik təhlillərə əsasən, ölkə əhalisinin təqribən 53 faizi rəqəmsal savadlı hesab etmək olar. Bu rəqəmlər dünya statistikası ilə müqayisədə inkişaf etmiş ölkələrin göstəricilərinə yaxındır. Bununla belə, ölkəmizdə əhalinin yerdə qalan nəzərəçarpan hissəsi texnologiyalardan faydalanmaq üçün lazımi bacarıqlara malik deyil”. Bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya-Kommunikasiya Texnologiyalarının (İKT) Tətbiqi və Tədrisi Mərkəzinin direktoru Rauf Cabarov deyir.
Artıq Azərbaycanda sözügedən istiqamətdə lazımi tədbirlər görməkdədir. “Ölkəmizdə hər il müxtəlif əhali kateqoriyaları üçün rəqəmsal bacarıqların inkişafı istiqamətində müxtəlif layihə və proqramlar həyata keçirilir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında İKT Tətbiqi və Tədrisi Mərkəzi (İKT LAB) həm Bakıda, həm də regionlarda olan mərkəzlərində mütəmadi əsaslarla əhali üçün layihələr keçirir və təlimlər təşkil edir. Bu işlərə misal olaraq, “Gənclər üçün Elektron Hökumət”, “Hamı üçün İKT” və “Rəqəmli Qızlar – Milli Təlim Proqramı” adlı layihələri qeyd etmək olar. Keçirilən təlimlərdə iki mindən çox, seminarlarda isə beş mindən çox insan iştirak edib. Son illər peşəkar İKT mütəxəssislərin hazırlanması və yeni rəqəmsal peşələrin ölkəmizdə tanınmasını müşahidə edirik. Ölkəmizin aparıcı universitetlərində İKT yönümlü ixtisas proqramları yaradılıb”, – deyə Cabarov qeyd edir.
Həmçinin, rəqəmsal bacarıqlar üzrə ödənişsiz əsaslarla fəaliyyət göstərən tədris portalı (https://iktlab.edu.az/) və onlayn multimedia kursları yaradılıb.
Biznesin, sahibkarların və işçi qüvvəsinin rəqəmsal hazırlığı üzərində işlər genişləndirilib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi sahibkarlar üçün KOB evlərində müxtəlif təlimlər təşkil edir. Dövlət Məşğulluq Agentliyinin təşəbbüsü ilə işsiz şəxslər üçün müasir dövrün tələblərinə cavab verən və rəqəmsal bacarıqların inkişafına xüsusi diqqət ayıran təlimlər təşkil olunur. Təhsil sistemində rəqəmsal bacarıqların inkişafı xüsusi qeyd edilməlidir. Bu sahədə Təhsil Nazirliyi tərəfindən geniş miqyaslı işlər görülüb. Yalnız “Rəqəmsal Bacarıqlar” layihəsi 120 min şagirdi və 1300 müəllimi əhatə edir. Layihənin miqyası hər il artırılır və növbəti tədris ilində 160 min şagirdin təlimlərə cəlb edilməsi nəzərdə tutulub. Məktəblərdə STEM mərkəzlər fəaliyyət göstərir. Burada şagirdlər robototexnika, elektronika, mexanika kimi sahələrdə bilik və bacarıqlar qazanırlar.
“Pandemiya dövründə bir sıra sahələrin fəaliyyətini yalnız rəqəmsal bacarıqların hesabına qismən aktiv saxlamaq mümkün oldu”
Rauf Cabarov iş, təhsil, səhiyyə və müxtəlif xidmət sahələri insanların rəqəmsal bacarıqları və mövcud internet alətlərindən istifadə hesabına virtual mühitdə davam etdiyini deyir:
“Bu gün şagird və müəllimlər üçün elektron tədris portallarından istifadə və dərslərin “Microsoft Teams”, “Zoom” və digər tətbiqlər vasitəsilə davam etdirilməsi heçbir çətinlik yaratmır. Bu çox ciddi uğurdur. Həmçinin, peşəkar İKT mütəxəsislərin hazırlığında uğurlu nəticələri görmək olar. İKT üzrə təhsilin bütün pillələrinin inkişafı bu sahədə mütəxəssis sayını artırıb”.
2019-cu ilin statistikasına görə İKT sektorunda çalışanların sayı əvvəlki illərə nisbətən 2000 nəfər artaraq 19 300 nəfərə çatıb. Son illər dövlət və bank xidmətlərindən elektron qaydada istifadə dəfələrlə artıb. 2020-ci ilin məlumatlarına görə elektron hökumət portalında 1 milyon 270 min istifadəçi qeydiyyatdan keçib. Bu istifadəçilərin sayı hər il təqribən 200 min artır. Bu inkişaf tempi onlayn və mobil bank xidmətlərinə də aiddir. Əhalinin mobil bank xidmətləri və elektron ödəniş vasitələrini istifadə edən hissəsi daim artır. Ölkədə nağdsız ödənişlərdən kütləvi şəkildə istifadə olunur.
Cabarov əlavə edir ki, yeni şəxslərin qeydiyyatdan keçməsi və elektron xidmətlərdən istifadənin artımının kökündə rəqəmsal bacarıqların inkişafı durur. Lakin, o, xəbərdarlıq edir ki, kiber təhlükələrin və fırıldaqçılığın qarşısının alınmasında rəqəmsal savadlılıq mühüm rol oynayır.
Aİ-nin bu sahədə mühüm dəstəyi
Rauf Cabarov genişzolaqlı internetin inkişafından kiber təhlükəsizliyə, rəqəmsal iqtisadiyyatda bacarıqların inkişafına və daha çox rəqəmsal iş yerinin açılmasına qədər rəqəmsal cəmiyyətin müxtəlif aspektlərini inkişaf etdirmək üçün Azərbaycanın dəstəklənməsində Aİ-nin dəstəyinin həlledici olduğunu bildirir.
“EU4Digital layihəsi bir neçə tematik istiqamətləri əhatə edir və hər bir istiqamət üzrə Aİ ilə sıx əməkdaşlıq aparılır və konkret işlər görülür. Əsas məqsəd rəqəmsal bacarıqlar sahəsində Aİ təcrübəsinin ölkəmizdə tətbiqidir. Aİ-də rəqəmsal bacarıqlar çox dəqiq şəkildə standartlaşdırılıb. Rəqəmsal bacarıqların müəyyən edilməsi və ölçülməsi üzrə çox mütərəqqi təcrübə mövcüddur. Hər bir ixtisas üzrə səriştə çərçivələri, müxtəlif peşələrin profilləri və tələb olunan rəqəmsal bacarıqlar müəyyən olunub”.
O, rəqəmsal bacarıqlar sahəsində boşluqların ölçülməsi və proqnozlaşdırılması üzrə metodologiyanın əhəmiyyətinə toxunub. “İnsanlar tələb olunan rəqəmsal bacarıqları dəqiq bilməlidirlər. İşə götürənlər onlara lazım olan işçiləri və peşələri aid etməlidirlər. Hal-hazırda ölkəmizdə rəqəmsal bacarıqların ölçülməsi təcrübəsi zəif inkişaf edib. İnanıram ki, layihə bu sahədə metodika və praktikanın ölkəmizdə tətbiqinə imkan verəcək”.
“Əminliklə deyə bilərəm ki, EU4Digital layihəsi ölkəmizdə rəqəmsal bacarıqların inkişafına ciddi təsir edəcək. Ən vacib məsələ rəqəmsal bacarıqların daimi əsaslarla inkişafıdır. Bu sahədə gələcək işlər rəqəmsal iqtisadiyyatın və cəmiyyətin inkişafında daha ciddi nəticələrə səbəb olacaq”, – deyə Cabarov vurğulayır.
Rəqəmsal bacarıqların həyatımıza qatdığı dəyər
İKT Tətbiqi və Tədrisi Mərkəzinin “Rəqəmli qızlar – Milli Təlim Proqramı” və “Qadınlar üçün İT sahədə multimedia onlayn kurs və veb portalın inkişafı” layihələri çərçivəsində rəqəmsal bacarıqlara yiyələnən Günel İsmayılova bu bacarıqların həyatına qatdığı dəyərdən söz açıb:
“Yiyələndiyim rəqəmsal bacarıqlar sayəsində hazırda İKT Tətbiqi və Tədrisi Mərkəzində mütəxəssis vəzifəsində çalışıram. Daha əvvəl bu sahədə primitiv biliklərə sahib idim, lakin təlimlərdən sonra daha çox və detallı informasiya əldə etdim. Hazırda çalışdığım tədris mərkəzi ilə də məhz bu proqram sayəsində tanış oldum”.
Bu cür layihələrin miqyasının daha da genişləndirilməsinin tərəfdarı olan Günel onların təşkilini xüsusilə xanımlar üçün müsbət dəyərləndirdiyini deyir:
“Dövrümüzdə rəqəmsallaşmaya doğru meyil hiss olunur, buna görə də hər bir sferada İKT-yə maraq artıb. Ölkəmizdə İKT üzdə təlim və layihələrin tətbiq edilməsinə ehtiyac var. Son dövrlərdə belə layihələrin sayının artması çox əhəmiyyətlidir. Xüsusilə də xanımların rəqəmli bacarıqlarının artırılması üzrə biliklərinin inkişafında belə layihələr böyük rol oynayır”.
İşçi qüvvəsində müxtəlifliyə nail olmağın biznes üçün əvəzsiz bir hal kimi qiymətləndirən Mara Ceykobs bu cəhətdən İKT şirkətlərinin qadınları bu sahəyə cəlb etmək və irəli çəkmək istədiklərini deyir. Gələcək Günel kimi parlaq zəkalı qadınlarındır. “Texniki sahələrdə yüksək ixtisaslı qadınların əllərində çox sayda imkanlar olacaq”. Bununla belə, o, rəqəmsal bacarıqların və ya səriştənin cəmiyyətin bütün üzvləri üçün zəruri olduğunu qeyd edir:
“Artıq 95 faizdən çox və ya bütün işlərdə rəqəmsal biliklər tələb olunur. Dövlət xidmətlərinin əksəriyyəti onlayndır və ya yaxın gələcəkdə bu şəkildə təqdim olunacaq. Vətəndaşlar müvafiq bacarıqlara sahib deyilsə, məşğulluq, təhsil, xidmətlər və sosial ünsiyyət üçün bir çox fürsəti itirəcəklər. Əslində rəqəmsal bacarıqların olmaması təkcə rəqəmsal uçuruma deyil, həm də sosial və iqtisadi cəhətdən təcrid olunmaya səbəb ola bilər”.
Məqalə dərc edildi: Oxu.az
Daha ətraflı öyrənin
EU4 Digital https://eufordigital.eu/az/
EU4Digital eSkills https://eufordigital.eu/az/thematic-area/eskills/
Aİ-nin Azərbaycandakı Nümayəndəliyi
İKT Tətbiqi və Tədrisi Mərkəzi https://iktlab.az
İKT Tətbiqi və Tədrisi Mərkəzinin “Rəqəmli qızlar – Milli Təlim Proqramı” https://iktlab.az/digitalgirls/
EU4Digital təşəbbüsü vasitəsilə Avropa İttifaqı Şərq Tərəfdaşlığı ölkələrində rəqəmsal bacarıqlara dair strategiyaların icrasını aşağıdakı yollarla dəstəkləyir:
- Rəqəmsal bacarıqlar sahəsində milli boşluqların ölçülməsi və proqnozlaşdırılması üzrə metodologiyanın müəyyənləşdirilməsi;
- KOM-lar və mikro müəssisələr üzrə vahid səlahiyyət bazasının müəyyənləşdirilməsi;
- Bacarıqlar və iş yerləri üzrə milli koalisiyaların yaradılmasına dəstək (bu cür koalisiyalar artıq Azərbaycan, Ermənistan və Ukraynada yaradılıb, Belarus, Gürcüstan və Moldovada yaradılması üçün işlər görülür);
- Təlim və seminarların keçirilməsi;
- Tərəfdaş ölkələrdə promo kampaniyaların həyata keçirilməsi.