Orxan Nağıyev və “Heyvandarlıq Ferması” kooperativi
Orxan bəy öz ailəsi ilə Ağcabədi rayonunun Hacıbədəlli kəndində yaşayır. Onun iki uşağı – yeddi yaşlı qızı və on yaşlı oğlu var. Hər ikisi məktəblidir. Həyat yoldaşı ali təhsilli müəllim olsa da hazırda uşaqların tərbiyəsi və ailə qayğıları ilə məşğul olur.
Orxan bəy bu kənddə doğulub, böyüyüb başa çatıb. O ali təhsilli iqtisadçıdır. Ağcabədi paytaxtdan aralı yerləşən kənd təsərrüfatının üstünlük təşkil etdiyi bir rayondur. Əkinçilik və heyvandarlıq burda insanların əsas məşğuliyyət sahələrindən biri sayılır.
Hərbi xidmətini bitirdikdən sonra Orxan bəy bizneslə məşğul olmaq üçün Rusiyaya üz tutur. O, Moskvada bir neçə il ticarətlə məşğul olduqdan sonra yenidən öz kəndinə dönmək və burda yerləşməyi qərara alır. O vaxtdan etibarən o, ailəsinə məxsus pay torpaqlarında pambıq və digər mövsümü əkinçiliklə məşğul olmağa başlayır.
Orxan bəy öz əkinçilik təsərrüfatı üçün TuranBankdan mikro kreditlər götürürdü. Bir gün bankdan ona Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) layihəsi haqında məlumat verdilər. Orxan müraciət etməyi qərara alır və bir neçə həmkəndlisini də qoşulmağa təşviq edir. Müraciət etdikdən bir neçə həftə sonra onu AMFA-nın təşkil etdiyi maliyyə savadlılığı və biznes planlaşdırması təlimlərinə dəvət edirlər. O deyir ki, bu təlimlər ona öz biznes planını hazırlamağa və qrant üçün müraciət etməyə kömək etdi. Xoşbəxtlikdən sonda o və onun üç həmkəndlisinin biznes planları qrant verilməsi üçün təsdiq edilir.
Layihənin davamı olaraq AMFA onları “Kooperativlərin İnkişafı” təliminə də dəvət etdi. Bu təlimdə o öz həmkəndliləri ilə daha yaxından ünsiyyət qurmaq imkanına malik oldu və hər üçü heyvandarlıqla məşğul olacaqlarına görə bu işi bir yerdə etməyi qərara aldılar. “Kooperativlərin İnkişafı” təlimi kooperativləri necə yaratmaq olar, üzvlər arasında inam necə yaradılmalıdır, münasibətləri idarə etmək üçün nizamnamə necə yazılır, ümumi xərclər necə bölüşdürülür, səmərəliliyin artırılması üçün tədarük, satış, material və işçi resursları necə təşkil olunur və sair bu kimi mövzuları əhatə edirdi. Təlimdə təlimçidən öyrənməklə yanaşı onlar məşğuliyyət növünə görə qruplara bölünərək öyrəndiklərini şərti olaraq tətbiq də edirdilər. Orxan bəy və onun həmkəndliləri demək olar ki, öz gələcək kooperativ planlarını elə təlimdəcə hazırladılar.
Qrant vəsaitlərini aldıqdan sonra onlar birləşərək kökəltmə və sürü artırmaq üçün 40 qoyun aldılar və bununla da öz heyvandarlıq kooperativlərini yaratdılar. Həmin vaxtdan etibarən onlar bütün işləri, o cümlədən, heyvanları yemləmə, bəsləmə, təmizləmə və sair işləri birgə görürlər. Onlar həmçinin öz kooperativlərinin rəsmi qeydiyyatdan keçirilməsi üçün müraciət də ediblər.
Orxan bəy deyir ki, düzdür Covid-19 pandemiyası il əlaqədar məhdudiyyətlər onların işində müəyyən çətinliklər yaratmışdır, lakin buna baxmayaraq, onlar öz sürülərinin sayını 40 başdan 80 başa çatdıraraq, iki dəfə artırıblar. Bu müddət ərzində onlar 18 baş heyvanı öz ailə ehtiyacları və digər xərclərin ödənilməsi üçün satmışlar və hazırda isə sürüdə 62 baş qoyunları vardır. Onların məqsədləri heyvanların sayını 100 başa çatdırmaqdır ki, bununla dostlar öz xərclərini ödəməklə yanaşı gələcək inkişaf üçün yol aça bilərlər. Onların kooperativləri haqda arzu və planları böyükdür – işlər yaxşı getsə, Bakı bazarlarını da təzə ətlə təmin etmək fikrindədirlər.
Sonda Orxan bəy bildirdi ki, əgər bu işdə qrant vəsaitləri olmasaydı, bu işi qurmaq onlar üçün çox çətin ola bilərdi. O tövsiyə etdi ki, gələcək layihələrində də AMFA mikro sahibkarları qrup formasında cəlb etsin. Çünki işlərin kooperativ formasında idarə edilməsi verilən təlimlər və qrantlar qədər dəyərlidir.
“Azərbaycan Regionlarında Dayanıqlı Mikrosahibkarlığın İnkişafının Sürətləndirilməsi” (ADSMİRRA) Layihəsi AMFA tərəfindən 2018-2021-ci illərdə Avropa İttifaqının maliyyə dəstəyi ilə Gəncə-Qazax, Quba-Xaçmaz, Şəki-Zaqatala və Aran iqtisadi rayonlarında həyata keçirilmişdir. Layihə regionlarda mikro və kiçik sahibkarların potensialını gücləndirmək məqsədini daşıyaraq, maliyyə savadlılığı, biznes planlaşdırması və kooperativlər üçün təlimləri, mentorluq xidmətlərini, biznes qurmaq və ya genişləndirmək üçün sərmayə kapitalının verilməsini və s. komponentləri özündə cəmləşdirmişdir. Ümumiyyətlə, pandemiyanın yaratdığı çətinliklərə rəğmən, layihə 37 startapın başlanmasına, 76 mikro biznesin genişdirilməsinə və əlavə olaraq 125 yeni iş yerinin yaradılmasına və 202 ailə aylıq gəlirlərini artırmağa nail olmuşdur.