Dağlıq Qarabağ: Aİ münaqişənin təsir etdiyi mülki əhaliyə humanitar yardım məqsədi ilə əlavə olaraq 3 milyon avro ayırır
Komissiya bu gün Dağlıq Qarabağ və onun ətrafında aparılmış geniş miqyaslı hərbi əməliyyatların təsirinə məruz qalmış insanlara, o cümlədən böyük sayda məcburi köçkünlərə yardım məqsədi ilə 3 milyon avro məbləğində humanitar yardım elan etdi. Hərbi əməliyyatların başladığı 2020-ci ilin sentyabr ayından indiyədək Aİ ümumilikdə 6.9 milyon avro məbləğində humanitar yardım səfərbər etmişdir.
Böhran İdarəçiliyi üzrə Komissar Janez Lenarčič demişdir: “Hərbi əməliyyatların dayandırılmasından sonra bölgədəki humanitar böhran ağır olaraq qalır və hazırda sərt qış və koronavirus pandemiyası ilə kəskinləşir. Aİ Dağlıq Qarabağ və onun ətrafında münaqişənin təsir etdiyi əhaliyə dəstəyini artırır. Bu, ən çox ehtiyacı olanların fövqəladə vəziyyətdə təchizatla təmin olunmasına yardım edəcəkdir”.
Yeni elan edilən təxirəsalınmaz yardım, Aİ-nın humanitar tərəfdaşlarına zərər görmüş əhaliyə qida məhsullarının, sığınacaq, qış əşyaları və digər zəruri ehtiyacların təmin olunmasında, eləcə də zəruri səhiyyə xidmətləri və psixososial dəstəyin göstərilməsində kömək edəcəkdir. Aİ-nin hər bir humanitar maliyyə dəstəyi insanlıq, bitərəflik, qərəzsizlik və müstəqillik humanitar prinsiplərinə uyğun olaraq təmin edilir.
Ümumi məlumat
Ermənistan və Azərbaycan arasında altı həftə ərzində sürətlə davam edən son hərbi qarşıdurma itkilərə, ziyanlara və insanların başqa yerlərə köçməsinə səbəb oldu. Döyüşlər yüz minlərlə insanı təhlükəsizlik axtarışında öz evlərini tərk etməyə məcbur etdi. Evlər və məktəb, səhiyyə sistemi, yollar, kommunal xidmətlər və rabitə şəbəkələri kimi ictimai infrastruktur ciddi şəkildə ziyan gördü. Təsdiq edilən Beynəlxalq Humanitar Qanun pozuntularına mülki infrastrukturun hədəfə alınması və qadağan olunmuş klaster sursatlardan istifadə daxildir.
9 noyabr 2020-ci il tarixində Ermənistan və Azərbaycan arasında atəşkəs razılaşmasına baxmayaraq, humanitar vəziyyət narahatlıq doğurur. Koronavirus pandemiyası və soyuq hava şəraiti vəziyyəti daha da pisləşdirir. Aİ humanitar cavab tədbirlərinin əlaqələndirilməsini dəstəkləmək üçün yerdəki humanitar tərəfdaşlar və digər iştirakçı tərəflərlə sıx təmasdadır.
Əlavə məlumat üçün