
30 illik fəaliyyət, 30-dan artıq məqalə: Azərbaycanın ekoloji cəhətdən tarazlı və rəqəmsal gələcəyə aparan yolu
Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji və ekoloji tarazlığa keçid istiqamətində tərəfdaşlıq dərinləşdikcə Avropa Təhsil Fondu (ATF) yerli qurumlara gələcəyin ixtisaslı əmək qüvvəsinin hazırlanması üzrə dəstək imkanlarını təklif etməkdədir.
Avropa İttifaqı (Aİ) ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlıq son illər ərzində xüsusilə enerji və dayanıqlılıq sahələrində möhkəmlənmişdir. Bərpa olunan enerji mənbələrinin Aİ-Azərbaycan çərçivəsində enerji razılaşmalarına salınması məqsədini daşıyan Anlaşma Memorandumunun 2022-ci ilin iyul ayında imzalanması ilə Azərbaycanın Avropanın aparıcı enerji təchizatçısı ilə yanaşı, ekoloji tarazlığa yönəlmiş (“yaşıl”) enerji resurslarının inkişafı sahəsində strateji tərəfdaşına çevrilməsi bərqərar edilmişdir.
2024-cü ilin mart ayında Aİ və Azərbaycan Respublikası Azərbaycanın külək enerjisi potensialından faydalanmaq məqsədilə külək enerjisi sahəsində əməkdaşlıq edəcəklərini bəyan etmişdirlər. Bu gedişat, bərpa olunan mənbələrdən yerli və Avropa bazarları üçün enerji hasil etmək imkanlarını yaratmaqla Aİ-nin enerji (sistemlərində əsaslı struktur dəyişmələr) keçidində Azərbaycanın mövqeyini artırmışdır. Bu tərəfdaşlığın gələcəyə yönəlmiş mahiyyətini vurğulayaraq Aİ-nin enerji məsələləri üzrə komissarı Kadri Simson demişdir: “Aİ və Azərbaycanın enerji sahəsində strateji əməkdaşlığı şəraitə uyğunlaşma və dinamik gücünü tam şəkildə nümayiş etdirmişdir. 2019-cu ildə bu əməkdaşlığın üfüqində yalnız təbii qaz var idi. Hazırda isə belə deyil”.
Azərbaycan Respublikasının dayanıqlılıq gündəliyinə sadiqliyi Bakının 11-22 noyabr tarixlərində ev sahibliyi edəcəyi COP29, BMT-nin İqlim Dəyişmələri üzrə 29-cu Konfransında diqqət mərkəzində olacaq. Ekoloji tarazlığa yönəlmiş (“yaşıl”) bacarıqlar və insan kapitalının inkişafına xüsusi diqqət yetirən Avropa Təlim Fondu (ATF) COP29 çərçivəsində digər tərəfdaşlarla iki panel müzakirədə iştirak edəcək. Bunlardan 13 noyabr tarixində keçiriləcək birincisi müzakirədə karbonsuz (qaz halında karbon birləşmələrinin həcminin azaldılmasını nəzərdə tutan) gələcəyə doğru ”yaşıl” keçid müstəvisində bacarıqların gələcək vəziyyətinə nəzər salınacaq, 16 noyabr tarixində baş tutacaq ikinci müzakirədə isə iklüzivlik (heç kimin kənarda qalmaması), bərabər təminatlar və icma iştirakçılığına xüsusi diqqət yetirən insan yönümlü yanaşmaların inteqrasiyası vasitəsilə Ölkə Səviyyəli Töhfə (ÖST) həcmlərinin daha sürətlə nail olunması yolları araşdırılacaq.
Azərbaycanda islahatların ATF tərəfindən dəstəklənməsi
On illərdir ki, ATF Azərbaycanın təhsil sahəsində davam edən əzmkar transformasiya prosesini dəstəkləməklə ölkədə insan kapitalı və bacarıqların inkişafına fəal şəkildə töhfə verməkdədir. Peşə təhsili və təlimi (PTT) sistemlərini əmək bazarının tələbatlarına uzlaşdırmaq məsələləri üzərində cəmləşmiş ATF təşəbbüsləri hazırda “yaşıl” və rəqəmsal iqtisadiyyata uyğunlaşa bilmək qabiliyyətində olan ixtisaslı işçi qüvvəsini yetişdirmək məqsədini daşıyır. ATF, vətəndaşların yeni formalaşan sahələrin tələblərinə cavab verən təlim-tədris imkanlarına bərabər çıxışını təmin etmək məqsədilə ömürboyu öyrənmə (təhsil), ixtisas uyğunluğu sistemləri, rəqəmsal təhsil, iş yerində praktiki öyrənmə və karyera quruculuğunun istiqamətləndirilməsi kimi prioritet siyasi məsələlərin həllində Azərbaycana yardım təklif edir.
ATF-in fəaliyyəti Azərbaycanda peşə təhsili və təlimi ilə məhdudlaşmır, təsilin bütün pillələrini əhatə edir. Buna dair nəzərəçarpan misal Aİ-nin 2,5 milyon avro büdcəsi ilə 2024-cü ildə icrasına başlanmış, Azərbaycan daxil olmaqla beş ölkədə ATF tərəfindən icra edilən ”Şərq Tərəfdaşlığı Bölgəsində Təhsil İslahatları və Bacarıqlarının Dəstəklənməsi” (EaP-SER) regional proqramıdır. 2024-2026-cı illəri əhatə edən bu proqramda təhsil sistemlərinin səmərəlilik, keyfiyyət və aktuallığının artırılmasına xüsusi diqqət yetirilir.
Finlandiya və Estoniyada 2024-cü ilin sentyabr ayında EaP-SER çərçivəsində təlimverənlərin tədris peşəkarlığının inkişafı üzrə qarşılıqlı tədris seminarında Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) Təlim və metodologiya şöbəsinin baş məsləhətçisi Vəfadar Rizvanlı Azərbaycanda “insanların təhsilə münasibətinin qəti olduğunu, çox sayda islahatların aparıla bilməsinə baxmayaraq, məhz öyrənmək və irəliyə doğru addım atmaq əzmində olan cəmiyyətin həlledici amil olmasını” vurğulamışdır.
Cənab Rizvanlı bu qəbildən olan qarşılıqlı tədris tədbirlərində fikir və baxışların mübadiləsinin faydalı olmasını həmçinin qeyd etmişdir. “Fin və eston sistemləri nümunəsi islahatların vaxt aparması ilə bağlı uzunmüddətli strateji baxışı və anlayışı vurğulayır. Bu gün həyata keçirdiyimiz islahatların bəhrəsini görəcəyik və bu seminar kimi tədbirlər fikir və baxışlarımız, təcrübəmizin Avropa standartları ilə müqayisəsi müstəvisində bizə yardım edir”, – deyə o, bildirmişdir.
ATF-in Azərbaycan üzrə nümayəndəsi Marqareta Nikolovska ATF-in Azərbaycanda aparılan təhsil islahatlarına sadiq qaldığını vurğulayaraq aşağıdakıları bildirmişdir: “ATF, Azərbaycan Respublikasının təhsil və əmək bazarlarında aparılan əzmkar islahatları dəstəkləyən texniki yardım, həmçinin siyasət sahəsi üzrə verilən məsləhətlər vasitəsilə insan kapitalının inkişafına rəvac verir. İllər boyunca Turin prosesi (peşə təhsili və təlimi sahəsində siyasət və praktikaların dövri icmalı) çərçivəsində “Məşğulluq üçün təhsil” proqramı üzrə apardığımız monitorinqin nəticələri Azərbaycanın səlahiyyətli orqanları tərəfindən müsbət qəbul edilmişdir”.
Aİ tərəfindən maliyyələşdirilən, BMT İnkişaf Proqramı (BMTİP) tərəfindən icra edilən “Gələcək üçün PTT” layihəsini mülahizə edərək o, aşağıdakıları əlavə etmişdir: “Bu proqram, Aİ-nin (Azərbaycan Respublikasında) peşə təhsili və təlimi müəssisələrinin müasirləşməsinə rəvac vermək məqsədilə Avropa İttifaqının Azərbaycan Nümayəndəliyinin müvafiq fəaliyyətini formalaşdırmaq və dəstəkləməkdə ATF-in aparıcı mövqeyə malik olduğu mühüm və səciyyəvi bir təşəbbüsüdür”.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin İşəgötürənlərlə iş və innovativ layihələr şöbəsinin müdir müavini və ATF-in İdarəetmə Şurasında müşahidəçi Nigar İsmayılzadə-Əsgərova uzun sürən tərəfdaşlığın nailiyyətlərini aşağıdakı kimi vurğulamışdır: “Tərəfdaşlığımızı strateji və olduqca effektiv hesab edirəm. ATF ilə Azərbaycan Respublikası arasında xüsusilə Milli Kvalifikasiyalar Çərçivəsi (MKÇ), karyera quruculuğunun ömürboyu istiqamətləndirilməsi və fərqlənmə mərkəzləri kimi sahələrdə tərəfdaşlığı Azərbaycanda PTT-nin keyfiyyəti və əhatə dairəsini artırmaq məqsədini daşıyan məhsuldar iş birliyi təsəvvürünə gətirmək olar. Məsələn, MKÇ-nin tətbiq edilməsi Avropada tanınmış ixtisas uyğunluqlarının şəffaflığını asanlaşdıran təhsilin struktur çərçivəsini təmin edib”.
O, xüsusilə peşə təlim-təhsil mərkəzlərində SELFIE (innovativ təhsil texnologiyalarından istifadəyə təkan verməklə effektiv öyrənmə proseslərinə dair fərdi mülahizə) alətinin tətbiqi ilə ATF-in rəqəmsal təhsil sistemində iştirakı nəticəsində Azərbaycanın rəqəmsal keçidinin dəstəklənməsini həmçinin qeyd etmişdir.
“ATF, “ERASMUS+” layihələrində gələcəkdə daha yüksək səviyyədə gözlədiyimiz iştirak daxil olmaqla əməkdaşlıq, həmçinin fərqlənmə mərkəzlərinin beynəlxalq praktikasını öyrənmək baxımından əhəmiyyət kəsb edən ATF fərqlənmə şəbəkəsi (ENE) çərçivəsində əməkdaşlığın yaradılması və qurulması üzrə də Azərbaycan Respublikasına dəstək olub”, – deyə xanım İsmayılzadə-Əsgərova bildirmiş, lakin fərqlənmə mərkəzlərinin mövcud potensialının “təhsil və məşğulluq ehtiyaclarına daha yaxşı xidmət göstərmək üçün davamlı qaydada artırılması olduğunu” etiraf etmişdir.
O, Azərbaycan Respublikasının ekoloji tarazlığa yönəlmiş iqtisadi keçid gündəliyinə və Bakıda COP29 tədbirində ev sahibi roluna uyğun olaraq, ATF-in rəqəmsal təhsil və dayanıqlı PTT praktikaları kimi sahələr üzrə sonrakı dəstəyi üçün zəmin yaradan “Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahələrində ikili peşə təhsili və təlimi “pilotlarının” yaradılması” (ED VET) və yuxarıda qeyd edilmiş “Gələcək üçün PTT” kimi layihələr vasitəsilə əhəmiyyətli irəliləyişin əldə edilməsinə xüsusi diqqət yetirməklə fikrini tamamlamışdır.
“Azərbaycanın PTT müstəvisində formalaşan tələblərindən çıxış edərək ATF-in gələcək dəstəyi üstün texnologiyalar və rəqəmsal bacarıqların PTT kurrikulumunun (təhsil proqramının) tərkib hissəsinə çevrilməsi üzərində cəmləşə bilər”, – deyə o, bildirmişdir.
Təhsilin inkişafına dair prioritetlərin müəyyən edilməsi
Azərbaycanın təhsil sistemini milli və qlobal prioritetlərə uyğun olaraq tədricən inkişaf etdirməklə insan kapitalının gücləndirilməsi ilə bağlı qəti niyyəti vardır. Azərbaycan Respublikası Hökuməti təhsil almaq üçün bərabər (ədalətli) imkanlar və təhsil keyfiyyətinin artırılmasına yönəlmiş müxtəlif proqramlar həyata keçirmiş və yeni təsisatlar yaratmışdır.
Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasından irəli gələrək hökumət bir yaşdan beş yaşadək uşaqların məktəbəqədər təhsil müəssisələrinə 50% say nisbətinədək qəbul edilməsi üzərində işləyir və səriştə əsaslı kurrikulumlar, həmçinin PISA (beynəlxalq şagird qiymətləndirmə proqramı) kimi standartlaşdırılmış testlərə resurslar ayırmaqla ümumi təhsilin səviyyələri üzrə əldə edilmiş nəticələri yaxşılaşdırmaq məqsədinin nail olunmasına çalışır.
2023/2024-cü tədris ilində Azərbaycan Respublikası 4 305-dən çox təhsil müəssisəsini Azərbaycan Təhsil Şəbəkəsi (ATŞ) və internetə qoşmaqla, nəticədə 1 824 məktəbin hazırda fiber-optik bağlantı vasitəsindən istifadəsini təmin etməklə rəqəmsal təhsil sahəsində irəliləyişə nail olmuşdur. Müasir işçi qüvvəsinin ehtiyaclarına cavab olaraq ölkədə 2024/2025-ci tədris ili üçün doqquz yeni ixtisas əlavə edilməklə peşə təhsili üzrə ixtisas sayı artırılmışdır.
Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası və 2018-ci ildə təsdiq edilmiş 2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası sənədlərində, həmçinin NEET (məşğulluq, təhsil və təlimdən kənarda qalmış gənclər) göstəricisini 2030-cu ilədək 15%-dək aşağı salmaq məqsədini daşıyan müvafiq fəaliyyət planlarında təsbit edildiyi kimi, gənclərin məşğulluğu diqqət mərkəzində qalan əsas məsələdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi rəqəmsal transformasiya proqramının icrasına başlamış və onun göstərdiyi xidmətlərin 90%-i hazırda onlayn rejimdə mövcuddur. Bu rəvan, mütəşəkkil yanaşma vətəndaşların işçi qüvvəsi kimi tələbatlarını və təhsil ehtiyaclarını müfəssəl qaydada dəstəkləməklə milyonlarla əməliyyatların işlənməsini və təxminən 80 quruma aid olan məlumatların bir araya gətirilməsini təmin edir. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa 2024-cü ildə edilmiş son düzəliş və dəyişikliklərlə aciz (həssas) əhali qrupları üçün məşğulluq imkanlarını artırmaq məqsədilə ünvanlı məşğulluq proqramı tətbiq edilmişdir.
Azərbaycanın əmək qüvvəsini daha da gücləndirmək məqsədilə PTT ölkə siyasətinin əsas sütunlarından birinə çevrilmişdir. Rəqəmsal tədris təşəbbüsləri, genişmiqyaslı PTT ixtisasları və beynəlxalq əməkdaşlıq vasitəsilə PTT-nin aktuallığı və keyfiyyətini artırmaq üçün müvafiq səylər görülməkdədir. Elm və Təhsil Nazirliyi nəzdində Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov bu sahədə əldə edilmiş nailiyyətlərə dair fikir və mövqeyini bölüşərək aşağıdakıları demişdir:
“Azərbaycan Respublikasında son zamanlar aparılmış PTT islahatları işçi qüvvəmizin gələcək üçün zəruri olan bacarıqlara yiyələnməsini təmin etməklə ölkənin rəqəmsal ehtiyacları və iqtisadi tələbləri ilə sıx uzlaşır. Müasir peşə təlim-təhsil mərkəzlərinin yaradılması, rəqəmsal rejimdə işləyən qəbul sistemlərinin təkmilləşdirilməsi və məqsədəuyğun bacarıqların inkişafı proqramları vasitəsilə Dördüncü Sənaye İnqilabına hazır olan bacarıqlı işçi qüvvəsinin formalaşmasına çalışırıq. “Vord skilz intənəşional” kimi təşəbbüslərdə iştirakımız bizə üstün praktikaları tədris etdiyimiz kurrikulumun tərkib hissəsinə çevirməkdə yardımçı olmaqla yanaşı, tələbələrimizin əldə etdikləri bacarıqların beynəlxalq miqyasda etalon müqayisəsini aparmaq imkanını yaradır”.
Cənab Kərəmov, xüsusilə inkişafdan qalmış rayonlarda iqtisadi sektorların fəaliyyətə davam etmək gücünə rəvac vermək baxımından peşə təhsili və təliminin əhəmiyyətini həmçinin vurğulamışdır. O, bacarıqlar, idarəçilik və keyfiyyətə təminat mexanizmlərində müsbət dönüş yaradan, nəticə etibarilə kənd təsərrüfatı, istehsalat, qonaqlama xidmətləri və İKT kimi aparıcı sektorlarda məşğulluq “cığırlarına” yol açan nailiyyətlərin əldə edilməsində ATF-in verdiyi dəstəyin bu sahələrdə mövcud potensialı necə gücləndirəcəyinə diqqət yetirmişdir.
“ATF-in dəstəyi ilə PTT müəssisələrinin potensialını daha da gücləndirə bilərik. ATF, keyfiyyətə təminata və idarəçilik mexanizmlərinə şərait yaratmaqla kvalifikasiyaların müasir tələblərə cavab verməsi məqsədilə aparılan islahatların istiqamətlədirilməsində və kvalifikasiya sistemlərinin qurulmasında həlledici rol oynaya bilər”, – deyə cənab Kərəmov bildirmişdir. “PTT-nin tədrisində və ömürboyu öyrənmə dəst-xəttində fərqlənməyə nail olmaqla ATF peşə təhsili və təliminin əlçatanlıq və cəlbedicilik səviyyəsinin artırılmasına birbaşa töhfə verə, nəticə etibarilə iqtisadiyyatın şaxələndirilməsi və məşğulluğun vüsət alması ilə bağlı Azərbaycan Respublikasının uzunmüddətli məqsədlərini dəstəkləyə bilər.
ATF nümayəndə heyətinin Azərbaycan Respublikasına son səfəri zamanı Marqareta Nikolovska insan kapitalının inkişafı və Aİ layihələri ilə uzlaşma proseslərinə rəvac verən tərəfdaşlığın əhəmiyyətini vurğulamışdır. Onun mülahizələrində Azərbaycan Respublikasının COP29 tədbirində ev sahibliyi nəzərə alınmaqla, ölkədə aparılan təhsil islahatlarında ATF-in rolunun necə gücləndirilməsi məsələrinin ön plana çəkilməsi yer tapmışdır:
“Sonuncu missiyamızda Azərbaycan Respublikasında insan kapitalı, xüsusilə PTT, rəqəmsal təhsil və ekoloji cəhətdən tarazlı (“yaşıl”) inkişaf gündəliyi sahələrində təşəbbüslərin uğurlu nəticə verməsinə sadiq qaldığımıza xüsusi diqqət yetirilmişdir”, – deyə xanım Nikolovska müvafiq fikrinə aydınlıq gətirmişdir. “Aparılan islahatlarla iqtisadi, həmçinin iqlim dəyişmələri ilə bağlı məqsədlərdən irəli gələn ehtiyacları qarşılamaq üçün tərəfdaşlarımızla sıx əməkdaşlıq edirik. İrəliyə doğru atdığımız addımlarla ATF gələcək işçi qüvvəsinin ekoloji cəhətdən tarazlı və rəqəmsal mühitə daha uyğun gəlməsi istiqamətində Azərbaycan Respublikasının istəklərini dəstəkləmək baxımından daha üstün mövqeyə sahib olur”.