“Gənclərin Sahibkarlıq Fəaliyyətinə Dəstək” layihəsinin bağlanış konfransı keçirilib

24/06/2021

İyunun 23-də Avropa İttifaqı və PAŞA Bankın qismən maliyyələşdirdiyi, Azərbaycan Gənclərinin Naliyyəti İctimai Birliyinin (Junior Achievement Azerbaijan) həyata keçirdiyi “Gənclərin Sahibkarlıq Fəaliyyətinə Dəstək” layihəsinin bağlanış konfransı keçirildi.

     Bağlanış konfransında bir sıra dövlət, ictimai, özəl sektorun və səfirliklərin nümayəndələri ilə yanaşı Azərbaycan Respublikası Təhsil Nazirliyinin Aparat rəhbəri Həsən Həsənli, Avropa İttifaqı Nümayəndəliyinin Əməkdaşlıq Bölməsinin Rəhbəri Müşavir-elçi Simona Qatti və PAŞA Bankın idarə heyətinin üzvü Xəyalə Nağıyeva da iştirak edib.

     Konfransın məqsədi 2018-2021-ci illərdə icra edilmiş layihənin nəticələrini ictimaiyyətə təqdim etmək idi.

     Konfransın açılışını edən Azərbaycan Gənclərinin Nailiyyəti İB-nin idarə heyətinin sədri, MOL Azərbaycan şirkətinin ölkə üzrə rəhbər müavini Bəxtiyar Axundov tədbiri açıq elan etdikdən sonra sözü Azərbaycan Respublikası Təhsil Nazirliyinin Aparat rəhbəri Həsən Həsənliyə verdi. Həsən Həsənli öz çıxışında maliyyə savadlılığı və sahibkarlıq bacarıqlarının şagirdlər üçün ən vacib səriştələrədən biri kimi vurğulayaraq “Gənclərin Sahibkarlıq Fəaliyyətinə Dəstək” layihəsini təqdirəlayiq olduğunu bildirdi.

     Konfransda çıxış edən Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin Əməkdaşlıq Bölməsinin Rəhbəri Müşavir-elçi Simona Qatti öz növbəsində “Avropa İttifaqı insan resursları, rəqəmsal texnologiyalar və iqtisadiyyatın şaxələndirilməsində Azərbaycanı dəstəkləməyə davam edir. Bu layihə çərçivəsində müəllimlərlə çox yaxından bir iş apardıq, çünki müəllimlərin təlimçi olaraq hazırlığı layihənin əhəmiyyətli bir hissəsi idi”.

     PAŞA Bankın idarə heyətinin üzvü Xəyalə Nağıyeva bildirib ki, 4000-dən çox yetişmiş gənc gələcəkdə ən az 4000 uğurlu və maliyyə cəhətdən savadlı insandır. Bu istiqamətdə layihələrə sərmayə qoymağa davam edəcəyik. Çünki sahibkarlıq iqtisadiyyatın əsasını təşkil edir və təlim-təhsil insanlarda təməl rol oynayır.

     Daha sonra Azərbaycan Gənclərinin Nailiyyəti İB-nin icraçı direktoru Sevinc Məmmədova təqdimatla layihənin uğurlu nəticələrini hər kəsin nəzərinə çatdırdı.

     Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) və Junior Achievement Estoniya ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən bu layihə 2018-2021-ci illərdə Bakı, Gəncə, Qax, Mingəcevir, Xaçmaz, Masallı, Qəbələ və Zaqataladakı peşə və orta məktəbdə təhsil alan 4909 nəfər şagirdi və 170 müəllimi əhatə etmişdir.

     Layihənin əsas məqsədi seçilmiş təhsil müəssisələrində təhsil alan şagirdlərin maliyyə savadlılığını və sahibkarlıq bacarıqlarını vətəndaş cəmiyyətinin və özəl sektorun iştirakı ilə inkişaf etdirmək idi.

     Layihədə sahibkarlığın və maliyyə savadlılığının tədrisi üzrə eston təcrübəsindən istifadə edilmişdir. Belə ki, maliyyə savadlılığı üzrə 2 və sahibkarlıq üzrə 3 əsas təlim-tədris resursları hazırlanmışdır. Layihə çərçivəsində 170 müəllim üçün hər iki istiqamət üzrə təlimlər təşkil edilmiş və 100 müəllim təlimçi olaraq akkreditasiya edilmişdir. Hazırlanmış təlim-tədris resursları əsasında 48 orta və 4 peşə məktəbində dərsdən kənar məşğələ formatında maliyyə savadlılığının və sahibkarlığın əsasları şagirdlərə tədris edilmişdir.

     Layihənin icrası mövcud pandemiya dövründə də davam etmişdir. Belə ki, həm müəllimlərin, həm də şagirdlərin bilik və bacarıqlarının artırılması istiqamətində distant təlimlər təşkil edilmişdir.

     Konfrans işinə “Maliyyə savadlılığının və sahibkarlığın bugün məktəblərdə tədrisinin gələcək işçi qüvvəsi üçün əhəmiyyəti” mövzusunda təşkil olunmuş panel müzakirəsi ilə davam etdi. Müzakirə zamanı Azərbaycan Mikromaliyyə Assosiasiyasının icraçı direktoru Jalə Hacıyeva, Təhsil Nazirliyinin ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu, Mərkəzi Bankın maliyyə savadlılığı şöbəsinin böyük mütəxəsisi Vüsal Həsənov və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Baş Katib vəzifəsini icra edən Kristina Məmmədova təqdimatlar etdilər.

Bu səhifədə verilən məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qoruması ilə tənzimlənir. © Avropa İttifaqı 2021