Aİ layihəsi Kamrana yeni bacarıq əldə etməyə kömək etdi

04/09/2020

Rəssamlığa hər zaman həvəsi olan Kamran, layihə barədə eşidən kimi tərəddüd etmədən təlimlərə qoşulmaq qərarına gəlir. Kamran layihənin vitraj və batikadan sadə suvenirlərin hazırlanması təlimlərinə dəvət alır və bu sənətin incəliklərini öyrənərək həm yeni bir sənətə yiyələnmək, həm də boş vaxtlarını səmərəli keçirmək istəyir.

“İdmançı olmağıma baxmayaraq, rəssamlığa həvəsim olduğu üçün boş vaxtlarımda rəsm çəkməyi xoşlayıram. Boş vaxtlarımı daha səmərəli keçirmək üçün əlavə məşğuliyyət barədə düşündüyüm bir vaxtda layihə çərçivəsində vitraj qrupunun dərslərində iştirak etmək təklifi aldım. Vitraj sənəti ilə bağlı internetdə geniş araşdırma apardıqdan sonra bu sənətin çox maraqlı və zəngin olduğunu öyrəndim”. 

COVID-19 pandemiyasının yayılmasının qarşısını almaq məqsədilə ölkəmizdə görülən tədbirlər çərçivəsində tətbiq edilən karantin rejiminə qədər 5 dərsdə iştirak edən Kamran müəllimlərin köməyi ilə artıq ilk dərslərdən vitraj hazırlamağı öyrənir və şəkillərdən də göründüyü kimi, onun əl işlərini kifayət qədər uğurlu alınıb. 

“Karantinin ilk günlərindən dərsləri onlayn keçirik. Layihənin mütəxəssisləri bizimlə tez-tez maraqlanır, müntəzəm olaraq onlayn dərslər və müzakirələr aparırlar. Bu müddət ərzində, layihə bizi vitraj və batika üçün lazım olan ləvazimatlarla da təmin edib. Mən də bu imkanlardan istifadə edərək boş vaxtlarımda vitraj hazırlayıram. İdmançı olduğum üçün məşqlərdən yorulduğum zaman vitraj hazırlayaraq boş vaxtlarımı səmərəli keçirirəm, eləcə də mənəvi olaraq dincəlirəm”.  

Bugünə kimi Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi və icra etdiyi layihədən 45 əlilliyi olan və 70 əlilliyi olmayan uşaq və gənc faydalanıb. Layihənin iştirakçılarına növbəti mərhələdə biznes planın hazırlanması üzrə təlimlərin keçirilməsi nəzərdə tutulur. Təlimlərin yekununda, tələbələr biznes planlarını özünüməşğulluqla bağlı qrant müsabiqəsinə təqdim edəcək və müvafiq olaraq zəruri avadanlıqlarla təmin olunacaqlar.

LAYİHƏ HAQQINDA MƏLUMAT

Layihənin adı Ənənəvi incəsənət vasitəsilə inklüziv təhsilin təşviqi
Prioritet sektor Vətəndaş cəmiyyətinin cəlb edilməsi və inklüziv təhsilin tətbiqi ilə Azərbaycanda təhsil sisteminin müasirləşdirilməsi
İcra edən tərəf Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı
Benefisiar İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi
İcra müddəti 30 ay (01.06.2018 – 01.12.2020)
Avropa İttifaqının büdcəsi 575 000 Avro
Layihənin əsas məqsədi Ümumi məqsəd əlilliyi olan uşaqlar və gənclərin inkişafı üçün tələb və ehtiyaclarına uyğun inklüziv peşə proqramlarına çıxışlarını artırmaqdır. Xüsusi məqsəd Bakı şəhərində əlilliyi olan uşaqlar və gənclər üçün inklüziv ənənəvi incəsənət peşə proqramı hazırlamaq və tanıtmaqdır.
Layihənin icra edildiyi regionlar Bakı
Bu səhifədə verilən məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qoruması ilə tənzimlənir. © Avropa İttifaqı 2021